Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya ilə Azərbaycan oyunun keçiriləcəyi tarix yəni, 11 oktyabr yığmamıza indiyədək ancaq üzüntü bəxş edib. Belə ki, oktyabrın 11-də baş tutan görüşlərdə bizimkilər nə məğlubiyyətdən qaça, nə də rəqib qapısına yol tapa bilib. Hərçənd, yığma indiyədək 5 dəfə tilsimlənmiş tarixdə meydana çıxıb və hamısında qol vurmadan uduzub. 1995-ci ildə İsrailə səfərdə 2, 2000-ci ildə evdə Türkiyəyə 1 cavabsız qolla yenilən milli komandamız digər 3 dueldə darmadağınla üzləşib. 1997-ci ildə İsveçrə 5, 2003-cü ildə İtaliya 4, iki il əvvəl isə Belçika 3 cavabsız qol vurmaqla, yığmamız üçün “11 oktyabr” sindromunu formalaşdırıb. Beş müxtəlif ildə müxtəlif hesablarla uduzan yığmamızdan fərqli, Finlandiya üçün həmin gün heç də “bəd” sayılmır. Düzdür, skandinaviyalıları 1970-ci ildə Rumıniyada 0:3, 1978-ci ildə isə Yunanıstanda 1:8 hesabı ilə “əzişdiriblər”. Həmin biabırçılığın 30 illik “yubileyində” Helsinkini məyus etmək yığmamızın üzərinə düşür. Hərçənd, Macarıstan (1:1) 1997, İngiltərə (0:0), 3 il sonra Kanada (3:2) isə 2003-cü ildə Finlandiyada meydan sahiblərinin “belini yerə vura bilməyib”. “Suomi”nin özü də oktyabrın 11-də keçirdiyi digər iki səfər qarşılaşmasında qalib gəlib. 1931-ci ildə onlar Danimarkanı 3:2, iki il öncə isə Qazaxıstanı 2:0 hesabıyla üstələyib. Ümumilikdə, rəqibimizin oktyabrın 11-dəki 7 matçda 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyəti var.
Mənbə: Apa
Milli yığma komandamızın qələbəsinə inanırsınızmı? Millilərimiz "11 oktyabr" tilsimini qıra biləcəklərmi?
|